2021-də “Proqramlaşdırma ilə pul qazanmaq üçün 5 tövsiyyə” yazısında birinci tövsiyəm “freelancer olun” idi. O vaxtdan çox şey dəyişib, amma bir şey eyni qalıb: başlayanların çoxu kodu yaxşı bilir, işin qalan yarısını isə yox.
Mən də yola belə başlamışam: əvvəl developer, sonra freelancer, sonra öz studiyam. Freelance-in yarısı koddur, yarısı isə insanlar, rəqəmlər və razılaşmalar. Gəl o ikinci yarıya baxaq.
Freelance sənə uyğundurmu?
Başlamazdan əvvəl özünə üç sual ver:
- Özümü idarə edə bilirəmmi? Müdir yoxdur, amma son tarix var.
- Qeyri-sabit gəlirə hazırammı? Bir ay çox iş olur, o biri ay az. Ehtiyat pul olmadan başlamaq stresdir.
- İnsanlarla danışmağı bacarırammı? Müştəri ilə ünsiyyət işin ayrılmaz hissəsidir.
Cavablar “bəli”dirsə, davam.
İlk müştəri haradan gəlir
İlk müştəri adətən reklamdan yox, tanışlıqdan gəlir.
- Yaxın çevrə. Tanışların, keçmiş iş yoldaşların, ətrafındakı kiçik bizneslər. Onlara nə etdiyini aydın de: “veb saytlar qururam” yox, “kiçik bizneslər üçün onlayn sifariş qəbul edən sayt qururam”.
- Portfolio. Hələ müştərin yoxdursa, real problem həll edən layihə qur. Bu barədə “Portfolio: işə götürənin həqiqətən baxdığı 3 layihə” yazısına bax.
- Platformalar. Upwork, Fiverr kimi saytlarda rəqabət böyükdür, amma ilk rəylər və beynəlxalq təcrübə üçün faydalıdır.
- Görünmək. Gördüyün işi paylaş: nə problem idi, necə həll etdin. İnsanlar kodu yox, nəticəni görmək istəyir.
Qiyməti necə qoymalı
Başlayanların ən çox etdiyi səhv çox ucuz qiymətdir. Ucuz qiymət müştəri gətirir, amma səni yandırır: az qazanırsan, çox işləyirsən və vaxt keçdikcə həvəsin sönür.
- Öz minimumunu hesabla. Aylıq xərclərin, vergi, kompüter, internet, boş qalan günlər. Bu məbləği aydakı real iş saatlarına böl.
- Layihə üzrə qiymət ver, amma həcmi dəqiq yaz. Başlayan üçün saatlıq hesab çox vaxt müştəri ilə mübahisəyə çevrilir.
- Qiyməti mərhələlərə böl: kəşf, prototip, inkişaf, buraxılış. Müştəri nəyə pul verdiyini görür.
Müqavilədə mütləq olmalı olanlar
Müqavilə etimadsızlıq deyil, hər iki tərəfi qoruyan sənəddir.
- İşin həcmi — nə daxildir və nə daxil deyil.
- Mərhələlər və tarixlər.
- Ödəniş qrafiki — avans və mərhələ ödənişləri.
- Düzəlişlərin sayı.
- Hüquqlar — kodun və materialların hüququ müştəriyə tam ödənişdən sonra keçir.
- Dəstək müddəti — buraxılışdan sonra nə qədər və hansı şərtlə.
Vergi qeydiyyatı və hüquqi forma barədə isə mühasib və ya hüquqşünasla məsləhətləş. Bu, sonradan çox baş ağrısından xilas edir.
“Bir az da əlavə edək” tələsi
Layihə gedir, müştəri deyir: “Bir dənə də bu düyməni əlavə edək, iki dəqiqəlik işdir.” Sonra bir dənə də. Sonra bir dənə də. Bir ayın sonunda layihə iki dəfə böyüyüb, qiymət isə eyni qalıb.
Qayda sadədir: hər yeni istək — yeni qiymət və yeni tarix. Bunu nəzakətlə demək olar: “Əla ideyadır, bunu ikinci mərhələyə yazaq və ayrıca qiymətləndirək.”
Ünsiyyət qaydaları
- Həftədə bir dəfə qısa hesabat göndər: nə edildi, nə qaldı, harada sual var.
- Problemi gizlətmə, erkən de. Gec deyilən pis xəbər iki qat pisdir.
- Razılaşmaları yazılı saxla. Mesajlaşma da yazılıdır, amma müqaviləni əvəz etmir.
Freelancer-dən studiyaya
Bir gün işlər çoxalanda tək çatdıra bilməyəcəksən. O zaman iki yol var: ya daha seçici olub qiyməti qaldırırsan, ya da komanda qurursan. Mənim üçün bu yol 2017-də Saytweb Studio, 2021-də isə NS Studio oldu. Hansı yolu seçsən də, təməl eynidir: aydın razılaşma, dürüst ünsiyyət və vaxtında görülən iş.
Freelance-ə başlamaq istəyirsən, amma haradan başlayacağını bilmirsən? Mentorluqda IT mütəxəssisləri üçün trek məhz bunun üçündür.
